Erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi.
Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Ayvazovskinin büstünün sökülməsi məsələsinə dair açıqlaması və TASS informasiya agentliyi tərəfindən Azərbaycanın Xankəndi şəhərinin “Stepanakert” adlandırılması ilə bağlı sualını şərh edərkən deyib.
Sualda qeyd olunub ki, Azərbaycan Respublikasının Xankəndi şəhərində İvan Azvazovskinin büstünün sökulməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, Azərbaycan tərəfinin bu addımı dərin təəssüflə qarşılanıb, Rusiyaya qarşı xoşagəlməz və qeyri-dost addım kimi qiymətləndirilir. O, Azərbaycan tərəfini ehtiyatlılıq nümayiş etdirməyə, “abidələrlə müharibəyə”, rus mədəniyyətinin “ləğv edilməsi” tədbirlərinə son qoymağa çağırış edib. Bununla yanaşı, Rusiya Federasiyasının dövlət xəbər agentliyi olan TASS informasiya agentliyində məsələ ilə bağlı dərc olunmuş məqalədə Azərbaycanın Xankəndi şəhəri “Stepanakert” adlandırılıb.