“Azərbaycan Prezidenti çox önəmli məsələlərə toxundu və mühüm mesajlar verdi. Əlbəttə, hər bir dövlət öz potensialını doğru dəyərləndirilməsə, eyni zamanda geosiyasi proseslərə adekvat yanaşma sərgiləməsə, çox ciddi böhranla üzləşə bilər”.
Bu fikirləri Crossmedia.az-a açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, siyasi şərhçi Əli Zülfüqaroğlu Prezident İlham Əliyevin Aşıq Ələsgərin abidəsinin açılışında vurğuladığı “hədəflərin düzgün seçilməsi” məsələsini şərh edərkən deyib:
“Artıq dünyada geosiyasi böhran göz önündədir və dünyada elə bir vəziyyət var ki, təhdid altında olmayan ölkə yoxdur. Bu baxımdan ölkələr öz hədəflərini müəyyənləşdirməklə yanaşı, eyni zamanda təhlükəsizliklərini də təmin etməyə çalışırlar. Məsələn, geosiyasi böhran kontekstində Ukrayna öz potensialını doğru dəyərləndirmədi və yanlış addım atdığına görə, ərazi bütövlüyü pozuldu. Ukrayna iqtisadi, hərbi-siyasi, eyni zamanda sosial problemlərlə üz-üzə qaldı. Azərbaycan dünyada geosiyasi böhranı öz lehinə çevirməyi bacaran tək ölkədir ki, bundan doğru yararlanaraq Qarabağ problemini həll etdi. Bu, çox önəmli faktordur. Bilirsiniz ki, Qarabağ müharibəsinə qədər, xüsusilə bu mövzuda siyasi manipulyasiyalar ciddi vüsət almışdı. Bir sıra qruplar bununla bağlı təzyiq alətləri əldə etməyə çalışır, manpulyativ cəhdlərə yol verirdilər. Azərbaycan 2020-ci ildə qarşısına hədəf qoymuşdu ki, Qarabağ problemini həll etsin və beləliklə də buna nail olundu. Bundan sonra nə baş verdi? Yenidən suverenliklə bağlı manipulyasiyaların şahidi olduq. Rusiya sülhməramlılarının bölgədəki fəaliyyəti, eyni zamanda Xankəndi ilə bağlı bir sıra məsələlər cəmiyyətə yanlış formada təqdim olunur və etiraz dalğası formalaşdırmağa çalışılırdı. Azərbaycan yenə də doğru vaxtda doğru addım ataraq suverenliyini tam olaraq bərpa etdi”.
Ə.Zülfüqaroğlu əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam olaraq təmin edəndən sonra ölkə qarşısında yeni hədəflər müəyyənləşdi:
“Dövlət başçısı bununla bağlı dəfələrlə çıxış edib. Ölkə iqtisadiyyatını inkişaf etdirməsi, təhlükəsizlik məsələlərinin diqqətdə saxlanılması, Azərbaycanın daha da güclənməsi və qlobal siyasi arenada çəkisinin artırılması məsələləri prioritet olaraq qalır. Hesab edirəm ki, bu mənada biz, Azərbaycanın indiyə qədər əldə etdiyi uğurlara nəzər yetirsək, o zaman tam əminliklə söyləyə bilərik ki, Azərbaycan dövləti indiyə qədər qarşıya qoyduğu hədəflər istiqamətində mexanizmlərin hazırlanması ilə bağlı kifayət qədər ciddi, düşünülmüş, yaxın və uzaq perpektivə hesablanan addımlar atıb və beləliklə də çox ciddi uğurlar əldə edilib. Halbuki bir sıra dövlətlər geosiyasi böhranın yaratdığı təhdidlərdən yayınmaq əvəzinə, əksinə, bu təhdidlərin hədəfinə çevrilərək ciddi problemlərlə üz-üzə qaldılar. Dünyada bununla bağlı bir sıra örnəklər var. Onların başında Ukrayna dayanır. Qeyd etdiyim kimi, Azərbaycan geosiyasi böhranı öz lehinə çevirməyi bacaran, nümunə yaradan ölkədir. Bu baxımdan ölkələrin öz potensialını doğru dəyərləndirməsi, eyni zamanda real vəziyyəti düzgün analiz etməsi, strateji hədəflərə çatmaq üçün önəmli faktorlardır ki, biz Azərbaycanın timsalında bunu görürük”.
Ə.Zülfüqaroğlu qeyd edir ki, hazırda beynəlxalq hüququn tamamilə işləmədiyinin görürük: “Beynəlxalq hüququn qarantı olan böyük dövlətlər beynəlxalq hüququn sıradan çıxarılması üçün hər şeyi ediblər. Dövlətlərarası münasibətlər sistemini tənzimləyən BMT funksionallığını tamamilə itirib. “Kim güclüdür, o da haqlıdır prinsipi” hər yerdə hökm sürür. Bu baxımdan, Azərbaycan dövlətinin güclənməsi, hərbi potensialının, iqtisadi imkanlarının artırılması prioritet mövzudur və biz, Ermənistanla sülh müqaviləsini hələ imzalamamışıq. Bir sıra dövlətlər sülhə mane olmağa və bölgəni yenidən alovlanmdırmağa çalışır, bunun üçün Ermənistanı sürətlə silahlandırırlar. Bu baxımdan Azərbaycanın hərbi gücünün daha da artırılması, eyni zamanda silah sənayesinin inkişaf etdirilməsi önəmli faktorlardandır və bu istiqamətdə Azərbaycan çox ciddi addımlar atıb. Ona görə də Azərbaycan dövlətinin güclənməsi onun söz sahibinə çevrilməsinə gətirib çıxarıb və dövlət daha da güclü olmasını prioritet olaraq qarşıya qoyub. Bu baxımdan, xüsusilə hərbi istiqamətdə Azərbaycanın atdığı addımlar, həm də uzaq perspektivə hesablanan hədəflərdən biridir. Məsələn, Türkiyə örnəyi var. Türkiyə silah sənayesini inkişaf etdirməsəydi, bu gün xüsusilə ölkə xaricində hərbi əməliyyatlar keçirərək öz təhlükəsizlik bölgəsini yaratması mümkünsüz olmazdı. Azərbaycan da bu istiqamətdə ciddi addımlar atır, müxtəlif dövlətlərlə əməkdaşlıq imkanlarını genişləndirir ki, bu da Azərbaycan dövlətinin qlobal siyasi səhnədə daha da güclənməsinə gətirib çıxaracaq. Biz indiyə qədər Azərbaycanın diplomatik, eyni zamanda hərbi sahədə əldə etdiyi uğurları görmüşük. Azərbaycana Fransa kimi ölkələrin təzyiqlərinin heç bir nəticə vermədiyinin şahidi olmuşuq. Əlbəttə, bu, dövlətin gücünün göstəricisidir. Eyni zamanda, bu istiqamətdə inkişaf strategiyası kifayət qədər bəllidir və zaman keçdikcə, ilbəil Azərbaycan dövləti öz gücünü daha da artıracaq və beləliklə də qarşıya qoyduğu hədəflərə çatmaq üçün önəmli nəticələr əldə edəcək”.