Select your language

Select your language

Cənubi Qafqaz

Cənubi Qafqaz regionunda sülh və stabilliyin təmin edilməsi məqsədilə yaradılan "3+3" platformasının üçüncü iclası Ankarada baş tutacaq. İclasda Türkiyə, İran, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanın xarici işlər nazirləri iştirak edəcəklər. Bu görüş regional əməkdaşlığı gücləndirmək və münaqişələrin həlli üçün yeni imkanlar açmaq məqsədini güdür. İranın xarici işlər naziri Abbas Arakçının da iştirak edəcəyi bu iclas iştirakçı ölkələrin müvafiq maraqlarını və regionda baş verən dəyişiklikləri müzakirə etmək üçün əhəmiyyətli bir platforma olacaq.
Politoloq Oktay Qasımovun Crossmedia.az-a açıqlamasına əsasən, 3+3 formatı 2020-ci ilin 10 dekabr tarixində Zəfər paradında səsləndirilib. Azərbaycanın və Türkiyənin təklifi kimi region ölkələrinə irəli sürülüb. Bu formatın əsas məqsədi Güney Qafqazda olan problemlərin həlli yalnız region dövlətlərinin iştirakı ilə olunması və bölgəyə kənar güclərin müdaxiləsinə imkan verilməməsidir. Bu, əslində ən optimal formatlardan biri kimi dəyərləndirilməlidir. Azərbaycanla Türkiyənin bu təklifi ilk olaraq Rusiya tərəfindən dəstəkləndi, çünki Rusiya hal-hazırda Güney Qafqazda Amerika və Qərblə rəqabətdədir və bu qüvvələr Rusiyanı bölgədə sıxışdırmağa çalışırlar. Rusiya isə buna müqavimət göstərir və istəyir ki, regiondakı məsələlər region dövlətləri ilə həll olunsun. Təbii ki, İran könülsüz olsa da, Moskvanın təsiri ilə bu prosesə qoşuldu. Ermənistan bu prosesə qoşulsa da, hələlik aktiv iştirak yaxud konstruktiv mövqe sərgiləmir. Bu , formatın prinsiplərindən kənara çıxır və bölgəyə regiondan kənar qüvvələrin daxil olmasına eləcə də, Ermənistan üzərindən bölgədə yerləşmələrinə,  gərginlik ocaqları yaratmalarına imkan verir.
Politoloqun sözlərinə görə: “Ankarada keçirilən görüşdə  məsələlər daha açıq şəkildə müzakirə olunacaq. Xüsusilə də, son dövrlər həm regionumuzda, həm də regiona yaxın  müxtəlif istiqamətlərdə gərginliklər davam etməkdədir ki, bunlar da istər-istəməz bölgəmizə təsir edir. Son dövrlər İranla bağlı proseslər bölgədə müəyyən gərginliklər yaradır. O cümlədən keçən toplantıdan bu günə qədər Ermənistanın Qərblə, xüsusilə də Amerika, Fransa və digər Qərb strukturları ilə əlaqələri ciddi şəkildə inkişaf edib. 5 aprel Brüssel üçtərəfli görüşündən sonra Qərbin bölgədə hərbi və təhlükəsizlik sahəsində rolu ciddi şəkildə artmaqdadır. Ermənistan ordusuna amerikalı və fransız hərbçiləri  ilə birgə təlimlər keçirilir. Ermənistan sürətli şəkildə silahlandırılır və bu prosesdə regionun bəzi ölkələri də yer almaqdadır. Ona görə də hesab edirəm ki, müzakirə olunacaq məsələlər kifayət qədər çoxdur. Əgər ümumi maraqlardan çıxış ediləcəksə, o zaman bu formatın öz məqsədinə uyğun fəaliyyət göstərdiyini söyləmək olar. Yox, ənənəvi olaraq Ermənistan, İran fərqli mövqe tutacaqsa, yaxud digər hansısa bir ölkə qarşı çıxarsa , bu formatın effektivliyi kifayət qədər problematik olacaq. Əgər həmin formatdan səmərəli şəkildə istifadə olunacaqsa, region üçün vacib bir format ola bilər”.

Nihat Tahirov 

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il