Select your language

Select your language

Ekologiya

Azərbaycanda su ehtiyatlarının vahid idarəetmə sisteminə tam keçidi 2027-ci ilin sonuna qədər təmin ediləcək.

Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.

Sənədə əsasən, su hövzələri və su təsərrüfatları üzrə vahid idarəetmə sisteminə keçid üçün institusional mexanizmlər hazırlanacaq. Su təsərrüfatlarının idarə edilməsində bələdiyyələrin rolu artırılacaq, Sudan İstifadəedənlər Birliklərinin (SİB) fəaliyyətinin təkmilləşdirilməsi də nəzərdə tutulur.

Bildirilib ki, bu sistemin tətbiqi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsinə səbəb olacaq. Bununla yanaşı regional idarələrin və təşkilatların strukturlarının optimallaşdırılması və yeni su idarəetmə modelinin mənimsənilməsi planlaşdırılır.

Həmçinin hidroloji və hidrogeoloji hövzələr, su təsərrüfatı kompleksləri üzrə beynəlxalq təcrübə öyrənilərək institusional idarəetmə mexanizmləri təklif olunacaq. 2028-ci ilə qədər bu sahədə yeni idarəetmə modeli əsasında bir pilot layihənin həyata keçirilməsi planlaşdırılır.

Hesabat dövründə xüsusi su infrastruktur obyektlərinin istismarı, texniki xidməti, təmir-bərpası və suyun bölgüsü üzrə yerli idarəetmə və xidmət modelinə keçid nəzərdə tutulur.

Azərbaycanda su ehtiyatlarının məhdud olması, onların mövsümi və ərazi baxımından qeyri-bərabər paylanması ilə yanaşı, həcminin davamlı azalması müşahidə olunur. İqlim dəyişikliklərinin təsiri və qonşu dövlətlərin su götürmələri nəticəsində 1980−2023-cü illərdə ölkənin su ehtiyatları 26,4 % azalaraq 26,2 milyard kubmetr olub. Transsərhəd çaylarla ölkəyə daxil olan yerüstü su ehtiyatları 35,9 % azalaraq 13,2 milyard kubmetrə, yerli çay axını 23,3 % azalaraq 4,6 milyard kubmetrə, yeraltı su ehtiyatları isə 6,7 % azalaraq 8,4 milyard kubmetrə düşüb.

Bu azalmalar Kür və Araz çaylarında, eləcə də onların qidalandırıcı qollarında daha kəskin müşahidə olunub. 2016−2020-ci illərdə Mingəçevir su anbarına daxil olan suyun orta illik sərfi saniyədə 344 kubmetrdən 192 kubmetrə (44,2 %), Mil-Muğan hidroqovşağına daxil olan suyun orta illik sərfi isə saniyədə 134 kubmetrdən 99 kubmetrə (26,1 %) qədər azalıb.

Hidrometeoroloji proseslər də su ehtiyatlarının azalmasına təsir göstərib. Temperatur artımı və buxarlanma Xəzər dənizinə axan suyun həcmini azaldıb. 2006-cı ildən etibarən Xəzər dənizində suyun səviyyəsi ildə orta hesabla 11 sm azalıb. Eyni zamanda, ölkə üzrə yağıntıların uzunmüddətli dinamikası sabit olsa da, son onillikdə cüzi azalma müşahidə olunub.

Azərbaycanda yağıntıların orta illik miqdarı 2002−2011-ci illərdəki 512,4 mm-dən, 2012−2023-cü illərdə 438,6 mm-dək azalıb. Eyni zamanda, qonşu ölkələr, o cümlədən Türkiyə, Ermənistan, Gürcüstan və İranda da yağıntıların azalması su ehtiyatlarının həm transsərhəd, həm də yerli miqyasda azalmasına səbəb olub.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il