BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək. 190-dan çox ölkə nümayəndələrinin iştirak edəcəyi tədbirdə təxminən 80 min qonağın paytaxtımıza üz tutacağı gözlənilir. Qeyd edək ki, Bakı silsilə tədbirlərə ev sahibliyi etməkdə artıq yüksək peşəkarlıq səviyyəsinə çatıb. 2015-ci ildə ölkəmizdə təşkil olunan Avropa Olimpiya Oyunları, 2017-ci ildə keçirilən İslam Həmrəyliyi Oyunları və digər mötəbər tədbirlər buna nümunə ola bilər. Belə tədbirlərin ölkəmizdə keçirilməsi nəinki siyasi, eyni zamanda iqtisadi, mədəni əlaqələrimizi gücləndirir, ölkəmizi dünyaya tanıdır.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan iqtisadçı Aqil Əsədov bildirib ki, COP29 Azərbaycanın tanıdılması, turizmin inkişafı baxımından çox önəmlidir:
“Qonaqlar ölkəmizin təbiəti ilə yanaşı, milli mətbəxi, tarixi, dini və mədəni abidələri ilə tanış olacaqlar. Bunlar turizmin inkişafı və ölkəmizin tanıdılması baxımından önəmlidir. COP29 Azərbaycan turizm potensialının canlı reklamıdır və irəlidə daha çox sayda turistin cəlb olunması baxımından əhəmiyyətlidir. Tədbirlə bağlı gələn 80 min qonağın 10 min nəfərinin rəsmi nümayəndə olmasını nəzərdə tutsaq, onların xərclərini ev sahibi olan ölkə qarşılayacaq. Yerdə qalan 70 min turistin orta hesabla həftə ərzində 3 minə yaxın vəsait xərcləməsi proqnozlaşdırılır. Bu tədbirin ölkəmizdə keçirilməsi ilə büdcəyə 35 milyona yaxın vəsaitin gələcəyi güman olunur”.
Sevinc Bağırova