Select your language

Select your language

Siyasi

Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalına müsahibəsində ABŞ-ın Azərbaycana qarşı sanksiyalar siyasətini tənqid edib. 1992-ci ildə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə başlayan münaqişə nəticəsində Azərbaycan bir sıra beynəlxalq sanksiyalarla üzləşmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sanksiyaların yaranma səbəbləri və onların nəticələri barədə geniş açıqlama verib. Prezident Əliyevin sözlərinə görə, 1992-ci ildə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi fonunda, ölkəmizə qarşı qondarma ittihamlar irəli sürülmüşdü. Bu ittihamlar Azərbaycanı Ermənistanı blokadada saxlamaqda günahlandıraraq, bir sıra beynəlxalq dairələrin Azərbaycana sanksiyalar tətbiq etməsi ilə nəticələnmişdi.

Ölkə başçısının sözlərinə görə: “Bu sanksiyalar 2001-ci ildə ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit yolla daşımalı olduğu vaxt aradan qaldırılıb. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatlarının Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil".

 Mövzu ilə bağlı siyasi analitik Kənan Novruzov Crossmedia.az-a açıqlamasında bildirib ki, 1990-cı illərdə Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan və ABŞ arasındakı münasibətlər kifayət qədər möhkəm olub. 1994-cü ildə imzalanmış Əsrin Müqaviləsindən də ABŞ böyük fayda götürüb. Azərbaycanla müxtəlif ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq edən ABŞ, ölkəmizin strateji əhəmiyyətini nəzərə alaraq, Cənubi Qafqazda həmişə maraqlı tərəf olub. Prezident İlham Əliyevin vurğuladığı  hadisə də bu çərçivədə qiymətləndirilməlidir. Lakin ABŞ bu əməkdaşlığa adekvat cavab verməyib. Xüsusən də Co Baydenin prezidentliyi dövründə ABŞ-ın Azərbaycana qarşı riyakar bir oyun oynadığı açıq-aşkar görünür. Bu isə, əlbəttə, nankorluqdur və ikili standartların tətbiqi nümunəsidir. 30 il ərzində Ermənistan işğalçı olaraq adlandırılmayıb və heç kim Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmağı tələb etməyib. ATƏT-in Minsk qrupunun üzvü olan ABŞ, bu müddət ərzində həm Ermənistana, həm də Azərbaycana sadəcə turistik səfərlər edib, Qarabağ məsələsinin həllinə isə real töhfə verməyib.
Həmçinin əlavə edib : “Bu gün isə Azərbaycanın dünyada artan nüfuzunu ABŞ qəbul etməkdə çətinlik çəkir. Xüsusilə COP29 ərəfəsində bunun daha aydın göründüyü müşahidə olunur: Azərbaycan saxta ittihamlarla günahlandırılır. Bütün bunlar, şübhəsiz ki, nankorluğun təzahürüdür və ikitərəfli münasibətlərə ciddi zərbə vurur. Azərbaycan isə, öz növbəsində, bu vəziyyətə adekvat addımlar atmaqdadır və atmağa da davam edəcək”.
Maral Şahverdili

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il