Azərbaycan- Özbəkistan dostluq əlaqələri hər keçən gün yüksək templə inkişaf etməkdə davam edir. Hər iki dövlət də hərbi- siyasi müstəvidə öz sözünü deməyi bacarır. Azərbaycan Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır. Bu dövlətlər regionda və bir çox beynəlxalq məsələlərdə oxşar mövqeyləri tuturlar. Onların arasında sıx əməkdaşlıqlar qurulub. Bunlara hərbi, siyasi, mədəni əməkdaşlıqlar da daxildir.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Özbəkistan Respublikasının Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Axmad Burxanovu qəbul edib.
Görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın yeni perspektivləri, eləcə də maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Mövzu ilə bağlı hərbi ekspert Elxan Şıxəliyev "Crossmedia.az"a açıqlamasında Azərbaycan- Özbəkistan arasında imzalanan strateji əməkdaşlıq proqramına da diqqət çəkib:
"Bu görüşlər Azərbaycanla Özbəkistan arasında 2004- cü ildə imzalanan strateji əməkdaşlıq proqramının çərçivəsində baş verən mütəmadi görüşlərin bir hissəsidir. Xüsusən də indi Özbəkistan müdafiə nazirliyi Azərbaycanda 44 günlük müharibənin, antiterrorun nəticələri üzərindən Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi hava qüvvələrindən müdafiə sistemlərinin öyrənilməsində maraq göstərir.
Xüsusən də hava məkanının hakim proqramı çərçivəsində Özbəkistan və Azərbaycan arasında Hərbi Hava Qüvvələri, hava hücumundan müdafiə sistemlərində qarşılıqlı təcrübə mübadiləsi üçün biz
Özbəkistanın bərabər strateji maraqlarının təmin edilməsini və bərabər orta Asiyadakı türk dövlətlərinin də Azərbaycanla mümkün ola biləcək hərbi taktiki əməkdaşlığı üzərindən genişləndirilməsini gözləməliyik"
Ekspert Özbəkistanın Azərbaycanın 44 günlük müharibədə pilotsuz uçuş aparatlarndan istifadə təcrübəsindən yararlanmaq istəyindən də danışıb:
"Azərbaycanda pilotsuz uçuş aparatlarından müharibədə və müharibədən sonrakı dövrdə Türkiyənin bayraktar TB2 puaları tətbiq edilib. Özbəkistan öz ərazisində Türkiyənin bayraktar şirkətinin qurulması və onun silahlı qüvvələrinə adaptasiya olunması üçün Azərbaycanın təcrübəsindən yararlanacaq.
Özbəkistan bütün zamanlarda 1- ci Qarabağ müharibəsindən bu günə qədər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Onun bu günə qədər Ermənistanda səfirliyi yoxdur. Özbəkistan prezidentinin səfərində də Azərbaycanda işğaldan azad edilən ərazilərimizdə məktəbin inşasının qərarının verilməsi əslində yol xəritəsinin bir parçasıdır. Biz Azərbaycan- Özbəkistan münasibətlərinin daxilində hərbi texniki əməkdaşlığın dərinləşməsini də görəcəyik.
Eyni zamanda hərbi texniki heyyətlərin mübadiləsi, təlimlərdə iştirakının bundan sonra da artaraq gedəcəyini görəcəyik"
E. Şıxəliyev sonda Özbəkistanın Yaxın Şərqdə Azərbaycanın isə Cənubi Qafqazda dinamik inkişaf edən türk dövlətləri olduğunu qeyd edərək hərbi texniki münasibətlərin dərinləşməsini, hər iki dövlətin gələcək strateji maraqlar içərisində olduğunu bilməli olduğmuzu söyləyib.
Banuçiçək Kalbalıyeva