“İsrail siyasi dairələri bu ölkənin əlinin hər yerə çatdığını, xüsusilə də Yaxın Şərqdə hər şey edə bildiklərinin mesajını verirlər və bunu açıq şəkildə bəyan edirlər. Bu səbəbdən belə təhlükənin olması qətiyyən istisna deyil”.
Bu fikirləri Crossmedia.az-a “MOSSAD”ın İranın dini lideri Əli Xameneini təhdid etməsini şərh edən siyasi şərhçi Elçin Xalidbəyli deyib:
“HƏMAS liderinin ardınca Hizbullahın rəhbərliyinin bütövlükdə sıradan çıxarılmasından sonra İranda narahat olmağa başlayıblar. Belə bir təhlükənin ciddi olduğunu nəzərə alırlar. Hizbullah liderinin öldürülməsindən sonra İranın Ali dini rəhbərinin yerinin dəyişdirilməsi, daha təhlükəsiz məkana aparılması barədə məlumatlar bunu sübut edirdi. Belə anlaşılır ki, rəsmi Tehran baş verənləri ciddi şəkildə nəzərə alır və dövlət başçısının qorunması üçün müəyyən addımlar atır. Hər halda “MOSSAD”ın, yəni İsrail kəşfiyyatının açıq şəkildə İranın Ali dini rəhbərini hədəfə alaraq təhdid etməsi kifayət qədər ciddi məsələdir. Bu baxımdan İranın Ali dini rəhbərinin qorunması ilə bağlı əlavə tədbirlərin görülməsi müşahidə olunur. Bu, qətiyyən gözlənilməz addımlar deyil və İran öz liderinin qorunması üçün bütün addımları atmağa çalışacaq. Ancaq İsrail kəşfiyyatının öz hədəfinə çata bilib-bilməyəcəyi və ya belə bir radikal addımın atılması ilə bağlı qərar veriləcəyi də hələlik bir qədər şübhə doğurur. İranın Ali dini rəhbərinin həyatına yaradılacaq hər hansı təhlükə sonradan iki dövlət arasında birbaşa müharibəyə səbəb ola bilər. Belə müharibə bütövlükdə Yaxın Şərqin alovlanmasına və daha geniş areala yayılaraq qlobal savaş təhlükəsi yarada bilər”.