Siyasi şərhçi Kazım Kazımov Milli Məclisin Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun ləğv edilməsi ilə bağlı Crossmedia.az-a verdiyi açıqlamada bunun yerində bir addım olduğunu bildirib.
“Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi bilinən bir məsələdir. Bu dövlət uzun illərdir ki, Ermənistanın işğalçılıq siyasətini dəstəkləyir, bu gün də Ermənistandakı revanşist qüvvələri, Nikol Paşinyan hakimiyyətini ciddi şəkildə dəstəkləməyə davam edir”.
Ekspert qeyd edib ki, Fransa hər vəchlə Azərbaycanla Ermənistan arasında sülhün imzalanmamasına çalışır.
“Fransa erməni lobbisi ilə çox sıx əlaqədədir, digər tərəfdən də Ermənistan ordusunu silahlandırır və Azərbaycana qarşı beynəlxalq səviyyədə “qara piar” aparır. Lakin Fransa burada pisliyi yalnız özünə edir. Azərbaycan Qarabağ və digər bütün məsələlərdə qələbə çalmışdır. Fransanın bu fəaliyyətlərinin dünyada heç bir qarşılığı yoxdur. Azərbaycana qarşı bu qədər qərəzli münasibəti olan ölkəylə bizim parlamentlər səviyyəsində əlaqə saxlamağımıza da heç bir ehtiyac yoxdur”.