Prezident İlham Əliyevin Cəbrayıldakı çıxışında Ermənistanın müharibə cinayətləri ilə bağlı fikirləri diqqət mərkəzində olub. O bildirib ki, “Azərbaycan xalqına qarşı törədilən cinayətlərə görə cavabdehlik daşıyan şəxslərin mühakimə olunması Azərbaycanın tələbi olaraq qalır və bu məsələ sülh müqaviləsinin tərkib hissəsi olmalıdır". Ölkə başçısının sözlərinə görə, ” Ermənistan tərəfindən Azərbaycan xalqının qanına əli batmış şəxslər beynəlxalq hüquq qarşısında cavab verməlidirlər. Bu tələbin yerinə yetirilməsi ədalətin bərpası və regionda sabit sülhün təmin olunması üçün vacibdir".
Erməni türkoloq Varujan Qeqamyan: “Əliyev Ermənistan hakimiyyətinin qarşısına tələblərini bir-bir qoyur, hakimiyyət də bunu icra edir”.
Crossmedia.az saytı Publikaz.az-a istinadən xəbər verir ki, bunu erməni türkoloq Varujan Qeqamyan deyib. Erməni ekspert hesab edir ki, Ermənistan-Azərbaycan danışıqlarının aparıldığı sənəddə Xocalı soyqırımının rəsmi İrəvan tərəfindən tanınması və günahkarların cəzalandırılması da öz əksini tapır.
Mövzu üzrə fikirlərini bölüşən siyasi şərhçi Əziz Əliyev Crossmedia.az-a açıqlamasında vurğulayıb:
“Ermənistan tərəfi rəsmi şəkildə şəxslərin cinayət törətməsini qəbul etməlidir və onları mühakimə üçün Azərbaycana verilməlidir.” Həmçinin əlavə edib ki, “Azərbaycan dövlətində kütləvi məzarlıqların tapılması kimi ciddi hüquqi fakt yaradan təkzibolunmaz dəlillər var. Bunlar Ermənistanın insanlıq əleyhinə cinayətlərini və müharibə cinayətlərini sistemləşdirir. Deməli, bu, Ermənistan üçün həm də beynəlxalq hüquqi məsuliyyət yaradır ki, onun beynəlxalq tribunallarda məhkəmələrə verilməsi məsələsini şərtləndirir və asanlaşdırır".
Maral Şahverdili