Select your language

Select your language

Siyasi

10 noyabr 2020- ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üç tərəfli bəyanatın 8- ci bəndində hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsi göstərilib. Maraqlısı budur ki, Ermənistan hələ də bu bəndin şərtlərini yerinə yetirmir.
Dövlət Komissiyasında 1 oktyabr 2024-cü il tarixinə olan məlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 979 nəfər itkin düşən şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 973 nəfərin Birinci Qarabağ müharibəsində, 6 nəfərin isə Vətən müharibəsində itkin düşdüyü bildirilib. 

Mövzu ilə bağlı crossmedia.az-a açıqlama verən politoloq Əhəd Məmmədli Azərbaycan hökumətinin bu məsələni informasiya təbliğatı, diaspora, səfirliklər, konsulluqlar, media vasitəsilə dünyaya çatdırmaq istədiyini bildirib:

"Təəssüf ki, biz bu yöndə ciddi nəticəyə nail ola bilməmişik. Bizim I Qarabağ müharibəsində itkilərimiz, əsirlərimiz, itkin düşənlərimiz var idi. Onlardan heç birini qaytarmadılar. Hətta ll Qarabağ müharibəsinə qədər ki, məlumatlara görə erməni əsirliyində qadınlarımız və kişilərimiz qul kimi işlədilir, digər məcburiyyətlərlə üzləşdirilirdilər. Onlara cəhənnəm həyatı yaşadırdılar. 
Dünya ictimaiyyəti tərəfindən Ermənistana əsirlərin qaytarılması və ya öldürülüb basdırıldıqları yerləri bizə göstərmələri üçün müraciət edilmədi. Bizim Natiq adlı şəhidimiz var. Onun yerini belə biz özümüz müəyyən etdik"

Dünya dövlətlərinin digər müharibələrə münasibətinə də diqqət çəkən ekspert qeyd edib ki, Yuqaslaviya müharibəsində dünya vuruşan tərəfləri məcbur edib ki, itkin düşənlər barədə məlumatları versinlər, əsirlikdə olanlar dəyişdirilsin və onlar evlərinə qaytarılsınlar:

"Qarabağ müharibəsində isə biz buna nail ola bilmədik. Çünki Azərbaycana qarşı ikili standartlar həmişə rol oynadı. Ermənistan güclü təzyiq görmədi. Azərbaycanın bütün tələblərinə rəğmən bunu yerinə yetirmədi.  İndi vəziyyət dəyişib. Biz müharibəni udmuşuq. Bakı türməsində erməni əsrləri: generalları, qondarma rejimin dırnaq arası liderləri var.  Ermənistanla alver edib əsir düşənlərimiz barəsində məlumat ala bilərik. Düşünmürəm ki, 1- ci Qarabağ müharibəsindən bu yana əsir düşənlərimizin çoxu sağ qalıb. Amma sağ qalanlar barəsində hansısa məlumatlar əldə etmək, hətta onların qaytarılmasına nail olmaq olar".

Banuçiçək Kalbalıyeva

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il