Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının XI Zirvə toplantısı 2024-cü ilin 5-6 noyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində baş tutacaq. Zirvə görüşündə Türk dövlətləri arasında iqtisadi və siyasi əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və region üçün strateji əhəmiyyət kəsb edən məsələlərin müzakirə edilməsi gözlənilir.
Siyasi şərhçi Elçin Xalidbəyli Crossmedia.az saytına açıqlamasında bildirib ki, Prezident İlham Əliyev çıxışlarında Türk Dövlətləri Təşkilatının Azərbaycan dövlətinin əsas prioritetləri sırasında ön plana yerləşdirdiyini və yaxın gələcəkdə də aparıcı dövlətlərdən biri kimi bu qurumun güclənməsində xüsusi rol oynayacağını vurğulamışdır. Türk Dövlətləri Birliyinin əsas hədəfi yeni dünya düzənində aparıcı mövqe qazanmaq, beynəlxalq siyasət məkanında iradə sahibi olmaq, dünyada cərəyan edən hadisələrə birbaşa təsir göstərmək hüququ qazanmaq və ən əsası Türk dövlətlərinin ortaq iqtisadi, siyasi tərəfdaşlığını ən yüksək səviyyəyə çatdıraraq güclü beynəlxalq geopolitik iradə mərkəzinə çevrilmək kimi bir hədəflər müşahidə olunur.
Həmçinin əlavə edib ki: “ Bu günə qədər olan toplantılarda Türk Dövlətləri Təşkilatının dünyanın super gücünə çevrilməsi istiqamətində kifayət qədər önəmli addımlar atılıb. Bundan sonrakı toplantılarda da bu prosesin davam etdiriləcəyi və təşkilatın eynilə yeni dünya düzənində pay sahibi olan nəhəng güc mərkəzinə çevrilməsi istiqamətində qətiyyətli addımların atılmasına davam ediləcəkdir".
Maral Şahverdili