Milli Məclis tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə məbləğinin 6 dəfə artırılmasını birinci oxunuşda təsdiqləyib.
Bu ətraf mühitin mühafizəsi ilə bağlı nə dərəcədə effektlidir? Cərimələrin artırılması hansı halların qarşısını alacaq?
Mövzu ilə bağlı Hüquqşünas Rüstəm Əzimzadə qeyd edib ki, bu qərar ekoloji təmizliyə və ətraf mühitin mühafizəsinə yönəlmiş vacib addım kimi qiymətləndirilə bilər:
"Belə ki, bu siqaret tullantılarının ətraf mühitə atılmasının qarşısını almaq məqsədi daşıyır və nəticədə, küçə, park, ictimai məkanların təmizliyinin təmin olunmasına da xidmət edir. Lakin belə bir tədbirin ətraf mühitin mühafizəsi ilə bağlı nə dərəcədə effektli olacağı bir sıra amillərdən asılıdır. Hüquqda dövlət tərəfindən sanksiyaların tətbiq edilməsinin başlıca məqsədi ayrı-ayrı şəxsləri hüquq pozuntularını törətməkdən çəkindirmək, bir növ onlara xəbərdarlıq etməkdir. Məhz buna görə də sanksiyalar müəyyən edilərkən törəlmiş əməllə tətbiq edilmiş sanskiya arasında mütənasiblik olmalıdır. Cərimələrin artırılması insanların tütün məmulatları tullantılarını küçələrə, ictimai yerlərə və təbiətə atmaq vərdişlərindən çəkindirmək üçün mühüm vasitədir. Bu kimi tədbirlər davranışların dəyişməsinə təkan verə bilər. Böyük cərimə riskinin yaranması vətəndaşları tullantıları düzgün idarə etməyə və zibil qutularından istifadə etməyə yönəldə bilər. Siqaret tullantıları dünyada ən geniş yayılan çirklənmə vasitələrindən biridir və tərkibində olan plastik maddələr uzun müddət ərzində parçalanmadığı üçün ekosistemə böyük zərər vurur. Ona görə də, cərimələrin artırılması tullantıların təbiətə atılmasının azalmasına və ətraf mühitin təmizliyinə müsbət təsir göstərə bilər".
Ekspertin fikrincə, tədbirin nə dərəcədə uğurlu olması isə onun realizə olunma dərəcəsindən və keyfiyyətindən asılıdır:
"Müvafiq tədbirin müvəffəqiyyətli olması üçün hüquq-mühafizə orqanlarının qanunların icrasına ciddi yanaşması vacibdir. Yüksək cərimələrin tətbiqi, əgər müvafiq orqanlar tərəfindən nəzarət edilib yerinə yetirilməzsə, gözlənilən nəticəni verməyə bilər. Bunun üçün ictimai yerlərdə, xüsusən də siqaret çəkilən ərazilərdə nəzarət və monitorinqin gücləndirilməsi, qanunun pozulması hallarının vaxtında cəzalandırılması təmin olunmalıdır. Yalnız yüksək cərimələr deyil, həm də onların effektiv tətbiqi insanların bu qanunlara riayət etməsinə səbəb ola bilər. Digər bir tərəfdən isə maarifləndirmə tədbirləri də bu prosesin əhəmiyyətli hissəsidir. İnsanlara cərimələrin niyə artırıldığı, bunun ekosistemə və onların öz həyat keyfiyyətinə necə təsir göstərə biləcəyi aydın izah olunmalıdır. İctimai maarifləndirmə kampaniyaları vasitəsilə tullantıların yerə atılmasının qarşısının alınması və tütün tullantılarının yaratdığı ekoloji problemlər haqqında məlumatın verilməsi vacibdir. Maarifləndirmə olmadan təkcə cərimələrin artırılması yetərli olmaya bilər, çünki bəzi insanlar bunun səbəbini başa düşməyə və ya ona ciddi yanaşmaya bilərlər".
Məsələ ilə bağlı Hüquqşünas Ayxan Məmmədli də fikirlərini bölüşüb. O əlavə edib ki, bu mövzuya bir neçə aspektdən yanaşmaq mümkündür:
"Əvvəla, cərimələrin artırılması stimullaşdırıcı xarakter daşıyır. Yüksək cərimələr insanları artıq belə hallara yol verərkən daha çox düşünməyə sövq edir, çünki bu zaman avtomatik olaraq məsuliyyətləri artır. Eləcə də COP29 çərçivəsində bu cür tədbirlərin görülməsi olduqca normal haldır. Bütün dünyada tütün məmulatları ilə bağlı mümkün qədər çəkindirici tədbirlərdən istifadə edilir.Tütün məhsullarının yüksək asılılıq yarada bilən istehlak malları olduğunu nəzərə alsaq onlarla bağlı olan istər sağlamlıq, istərsə də ekoloji problemlərlə mübarizədə stimullaşdırıcı tədbirlərdən çox preventiv tədbirlər effektivdir".
Aytac Kərimova