Dilinizi seçin

Dilinizi seçin

Çarpaz baxış

3 oktyabr tarixi bir sıra əlamətdar hadisələrlə xarakterizə oluna bilər. İlk öncə, 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində ümummilli lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq, 98.84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçilib. Hansı ki, bu tarix  - ulu öndərin hakimiyyətə gəlişi dövlətimizin bütün sahələrdə əldə etdiyi hər bir uğurun bağlanğıcıdır.
Bu gün, həm də Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdə xüsusi rolu olan Suqovuşanın azad edildiyi və öz adına qovuşduğu gündür.  
3 oktyabr tarixini əlamətdar edən başqa bir hadisə isə 2009-cu ildə, məhz bu gündə Türkdilli Dövlətlərin Başçıları tərəfindən imzalanan Naxçıvan müqaviləsidir. Bu tarixdən etibarən hər il 3 oktyabr tarixi TÜRK DÖVLƏTLƏRİ ARASINDA ƏMƏKDAŞLIQ GÜNÜ kimi qeyd edilir. Regionda və dünyada baş verən proseslər bir daha “Türkün tək dostu türkdür” ifadəsinin aksiom olduğunu, Türk birliyinin, əməkdaşlığının nə qədər zəruri olduğunu ifadə edir. 
Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə 2023-cü il martın 16-da Ankarada baş tutan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə qəbul olunmuş Ankara Bəyannaməsi də ölkələrarası əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Bəyannamədə Türkiyədə baş verən zəlzələlərdən zərərçəkmiş şəxslərə humanitar yardımların həyata keçirilməsindən tutmuş, hazırda hökm sürən ksenofob və islamofob meyillərə qarşı birgə mübarizə, qarşılıqlı əlaqələrin genişləndirilməsi və digər məqamlar da yer almışdır. Başqa sözlə desək, artıq türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində münasibətlər yalnız iqtisadi, yalnız siyasi deyil, bir çox müxtəlif sahələri də əhatə edir.
Bütün bunlarla yanaşı, iqtisadi əlaqələr, iqtisadi güc formalaşdırlmadan uzaq hədəflərə çatmaq mümkün deyildir. Bu mənada, TDT daxilində iqtisadi əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsi, Təşkilatın gələcəyi və birliyin daha da möhkəm-ləndirilməsi baxımından, olduqca vacibdir. 
Dövlət Statistika Komitəsinin, eləcə də İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatlarından aydın olur ki, 2023-cü il üzrə qarşılıqlı ticarət dövriyyəsində, TDT-yə daxil olan ölkələr arasında Türkiyə Cümhuriyyəti 84% ilə ilk sırada, Qazaxıstan 8%-lə ikinci yerdə, Türkmənistan 5%-lə üçüncü yerdə, Özbəkistan 3%-lə dördüncü yerdə qərarlaşır. Macarıstan və Tacikistan isə, birgə 1% paya malikdir.
Azərbaycanın enerji məhsulları ixracında Türkiyə TDT ölkələri arasında yüksək paya malik yeganə dövlətdir. Azərbaycanın təbii qaz ixracının 17%-i, xam neftin isə 1%-i Türkiyə Cümhuriyyətinə ixrac edilir. Türkiyədən başqa TDT-də müşahidəçi kimi çıxış edən Macarıstana ildə 530 min ABŞ dolları dəyərində neft məhsulu ixrac edilir ki, bu da ümumi ixracın yarısını təşkil edir. Türkiyə ilə Azərbaycan arasında qeyri-neft sektoru üzrə ticarət dövriyyəsi də yüksəlməkdədir. Azərbaycanın qeyri-neft ixracına liderlik edən pambıq və kimya sənayesi məhsullarının böyük hissəsi qardaş ölkəyə ixrac edilir.
 Azərbaycanın, Macarıstan istisna olmaqla, digər Türk dövlətləri ilə azad ticarət sazişləri və Türkiyə ilə güzəştli ticarət sazişi mövcuddur. Bütün bunlarla yanaşı, Türkiyə və Macarıstan TDT üzvləri arasında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya yatıran əsas ölkələr sırasındadır. 
Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən yaradılmış Türk İnvestisiya Fondunun təsis iclasında çıxış edən Türkiyə Respublikasının maliyyə və xəzinə naziri Mehmet Şimşək bildirib ki, türk dövlətlərinin 2024-cü ilin sonuna qədər 1,9 trilyon dollarlıq iqtisadi böyüklüyə və 178 milyon əhaliyə çataraq dünya iqtisadiyyatında mühüm yer qazanacağı gözlənilir. 500 milyon dollarlıq nizamnamə kapitalı ilə qurulan Fond həm dövlət, həm də özəl sektora investisiyaları sürətləndirəcəkdir. Eyni zamanda, infrastruktur, bərpa olunan enerji, kənd təsərrüfatı və turizm kimi bir çox sahələrə investisiyaların artırılmasında da Fond mühüm rol oynayacaq və davamlı iqtisadi inkişafa töhfə verəcək.
Onu da vurğulamaq lazımdır ki, indiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarına yaxın investisiya qoyub. Bu illər ərzində Türkiyə tərəfindən Azərbaycan iqtisadiyyatına 15 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Eyni zamanda, ölkəmizdə dövlət vəsaitləri hesabına sifariş edilən 100-lərlə layihələr  350-yə yaxın Türkiyə şirkəti tərəfindən icra edilib ki, bunun da  ümumi dəyəri 17 milyard dollara yaxındır. Hal-hazırda 4 minə yaxın Türkiyə investisiyalı şirkət Azərbaycanda ən müxtəlif sahələrdə fəaliyyət göstərir. Yalnız 2023-cü ildə Azərbaycan Türkiyə iqtisadiyyatına 1.82 milyard ABŞ dolları investisiya yatırıb ki, bu da 2022-ci illə müqayisədə 7.3 dəfə çoxdur. Bunun-la da, 2023-cü il üzrə Azərbaycanın Türkiyə iqtisadiyyatına ümumi investisiya qoyuluşlarında payı 21.4 %-dən 58.2 %-ə çatıb. Analoji olaraq, Türkiyə Azərbaycan iqtisadiyyatına 1.30 milyard ABŞ dolları investisiya yatırıb ki, bu da əvvəlki ilə nisbətən 15.3% çoxdur. 2023-cü il üçün Türkiyənin Azərbaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşunda payı 18 %-dən 19.6 %-ə çatıb.
Göründüyü kimi, iqtisadi əlaqələr müxtəlif sahələrdə inkişaf etsə və genişlənsə də, bu daha çox Azərbaycan-Türkiyə və qismən də Azərbaycan-Qazaxıstan timsalında daha çox özünü büruzə verir. Reallıq ondan ibarətdir ki, TDT üzvləri arasındakı qarşılıqlı iqtisadi əlaqələr mövcud potensial imkanları əks etdirmir. Ona görə də bu günün – 3 oktyabr tarixinin fəlsəfəsinə və çağırışlarına uyğun olaraq, TDT daxilində iqtoisadi əlaqələrin gücləndirilməsi qarşıdakı illərdə də öz aktuallığını qoruyub saxlayacaqdır.  
Aqil Əsədov, iqtisadçı

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il