Dilinizi seçin

Dilinizi seçin

COP-29

İqlim dəyişikliklərinin səbəb olduğu problemlərlə daha çox insanın üzləşdiyi bir şəraitdə COP danışıqçılarının onlara ümid verməsi çox vacibdir.

Bunu "Report"a İrlandiyanın ətraf mühit, iqlim, rabitə və nəqliyyat naziri İmon Rayan Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib.

O vurğulayıb ki, beynəlxalq ictimaiyyət üçün tərəflərin danışıqlar apara bilməsi və uğur qazanması son dərəcə vacibdir.

"Biz bu il Bakıda maliyyələşdirilmə məsələsi ilə bağlı razılığa gəlməliyik. Bizim daha çox şəffaflığa, yeni karbon bazarlarına ehtiyacımız var. Uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsi təmin edilməlidir, buna görə də iqlimin maliyyələşdirilməsi COP29-da əsas məsələ olacaq", - nazir bildirib.

İ.Rayan qeyd edib ki, COP29-da əldə edilən uğur gələn il Belendə aparılacaq danışıqlara təsir edəcək.

"Bu, mürəkkəb, texniki, çox vaxt hüquqi, qavranılması çox çətin olan prosesdir, çünki iqlim dəyişikliyi olduqca böyük problemdir”, - nazir qeyd edib.

Onun sözlərinə görə, İrlandiyanın baş naziri COP29-da iştirak etsə də, ölkənin nümayəndə heyətinə o başçılıq edəcək: “Bizim də iqlim üzrə öz elçimiz olacaq”.

Nazir həmçinin İrlandiyanın İtki və Zərər Fonduna daha çox töhfə gözlədiyini əlavə edib.

"Bu, bizə təsirləri yumşaltmaq, emissiyaları azaltmaq, iqlim dəyişmələrinə uyğunlaşmaq və xüsusilə ən həssas ölkələrə bu dəyişikliklərin öhdəsindən gəlməyə kömək etmək üçün lazımdır", – İ.Rayan söyləyib.

İrlandiyanın iqlim dəyişikliyi ilə mübarizə təşəbbüsündən danışan nazir bəyan edib ki, ölkə iqlim maliyyəsi proqramlarına töhfələrini planlı şəkildə artırır: “Son üç ildə biz iqlimin maliyyələşdirilməsini iki dəfə artırmışıq və bu vəsaitin 80 faizi iqlim dəyişikliyinə uyğunlaşmaya sərf olunur”.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il