Dilinizi seçin

Dilinizi seçin

Geosiyasət

Payız sessiyası başlayan kimi anti-Azərbaycan qüvvələr hərəkətə keçdi; “demokratiya, qanunun aliliyi və insan hüquqlarının vəziyyətinin pisləşməsi” mövzusunun müzakirəsinin əsl məqsədi...

Sentyabrın 30-da AŞ PA-nın payız sessiyasının ilk günündə Azərbaycanda “demokratiya, qanunun aliliyi və insan hüquqlarının vəziyyətinin pisləşməsi” mövzusunda müzakirələr gündəliyə salınıb.

“Turan” xəbər verir ki, bəzi deputatlar, əsasən Gürcüstan nümayəndəsi Givi Mikanadze Azərbaycan heyətinin iştirakı olmadan müzakirələrin məqsədəuyğun olmadığını bildirib. O, “bu vəziyyətin müzakirəsi üçün Azərbaycanın yeni seçilmiş parlamentinin” nümayəndələri ilə birbaşa əlaqə qurmağı təklif edib. Lakin onun təklifi dəstəklənməyib və debatın keçirilməsi barədə qərar səs çoxluğu ilə qəbul edilib. Bundan əlavə, sessiyada Vatslav Havel Mükafatı da təqdim ediləcək. Üç namizəddən biri vergi cinayətlərinə görə həbsdə olan azərbaycanlı fəal Akif Qurbanovdur.

Yada salaq ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin səlahiyyətləri yanvar sessiyasında ratifikasiya edilməyib. AŞ PA bu qərarı “Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi, o cümlədən jurnalist və fəalların əsassız həbsləri, Azərbaycanın öhdəliklərinə məhəl qoymayaraq qurumla əməkdaşlıq etməməsi, fevral ayında baş tutan prezident seçkisinə AŞ PA-nın müşahidə missiyasını dəvət etməməsi” ilə əlaqələndirib. Assambleyada səsvermədən əvvəl qurumda iştirakını dayandırdığını bəyan edən Azərbaycanın nümayəndə heyəti baş verənlərin ölkəmizə qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib. Son olaraq Prezident İlham Əliyev sentyabrın 6-da İtaliyada Çernobbio Forumunda çıxışında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsini “qırmızı xəttin keçilməsi” və Azərbaycanın suverenliyini bərpa etməsinə görə tətbiq edilən sanksiya adlandırıb. AŞ PA üzvlərinin Azərbaycanda “arzuolunmaz şəxs” elan edilməsinə toxunan İlham Əliyev qeyd edib ki, Azərbaycanın nümayəndə heyətinin fəaliyyəti bərpa edildikdən sonra onlara qarşı qoyulmuş qadağa aradan qaldırılacaq.

AŞ PA-da anti-Azərbaycan mövqeyi ilə seçilən Frank Şvabe Bakının assambleyanın qaydalarına heç bir şərt qoymadan əməl etməli olduğunu deyib.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda ümid edirdi ki, təşkilatın köməyi ilə pozulan hüquqlarını bərpa edə, ərazi bütövlüyünü təmin etməyə müvəffəq ola bilər. Lakin 30 il ərzində gördüyü və müşahidə etdikləri bunun əksini üzə çıxardı. Nəhayət, Azərbaycan 44 günlük müharibə ilə öz ərazi bütövlüyünü təmin edəndən sonra ölkəmizə qarşı total hücum başladı və bu proses hələ də davam edir. Frank Şvabe və onun kimilərin fəaliyyəti AŞ PA-da böhranı daha da dərinləşdirməkdədir. Faktiki olaraq, AŞ PA-nın ölkəmiz əleyhinə qəbul etmək istədiyi qərarlar təşkilatın prinsip və normalarına zidd addımdır. Azərbaycanın bununla barışması, təbii ki, mümkün deyil. Ölkəmiz hazırkı fəaliyyətinə görə Avropa Şurası ilə yollarını tamamilə ayırmaq barədə də düşünür.

İndi belə görünür ki, AŞ PA rəsmi xəbərdarlıqlara baxmayaraq, payız sessiyasında Bakıya qarşı “tarana getmək” qərarı verib.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il