Dilinizi seçin

Dilinizi seçin

Geosiyasət

Yeddinci çağırış Milli Məclisin birinci sessiyasına başlayarkən mən ilk növbədə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə bir daha hamımızın minnətdarlığını bildirmək istərdim. O, sentyabrın 23-də Milli Məclisin birinci iclasında söylədiyi dərin məzmunlu nitqində dövlət başçısı yaxın illərdə ölkəmizin inkişaf istiqamətlərini müəyyən etməli olan strateji hədəfləri və milli prioritetləri elan edib. 

Crossmedia.az xəbər verir ki,  bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında deyib.

"Parlament üzvləri olaraq, biz möhtərəm Prezidentin irəli sürdüyü vəzifələrin konkret qanunvericilik tədbirlərində təcəssümünü tapması üçün məsuliyyət daşıyırıq. Biz təmin etməliyik ki, dövlətimizin qanunvericilik bazası həm milli prioritetlərimizə uyğun olsun, həm də xalqımızın və dövlətimizin inkişafı üçün möhkəm təməl yaratsın.

Birinci iclasda etdiyim çıxışda mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin parlamentin fəaliyyəti barədə fikirlərinə əsaslanaraq yeddinci çağırış Milli Məclisin qarşısında dayanan vəzifələr barəsində baxışlarımı bölüşmüşdüm. 


İndi isə qısa olaraq bir daha qeyd etməliyəm ki, biz ölkəmizin tarixinin tamamilə yeni bir mərhələsinə qədəm qoymuşuq. Xalqın təmsilçiləri kimi biz sürətlə dəyişən dünyada Azərbaycanın xoşbəxt gələcəyini təmin edə bilən dəyərləri rəhbər tutmalıyıq", - spiker qeyd edib.

Sahibə Qafarova vurğulayıb ki, parlamentin gücü onun kollektiv zəkasındadır:

"Bizim birgə ahəngdar fəaliyyətimiz ən mürəkkəb problemlərin həllinə yol aça bilər. Eyni zamanda, Milli Məclisin ayrılıqda hər bir üzvünün fəaliyyəti bu gün çox böyük əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, müasir dünyanın mürəkkəb şəraiti bizdən hər bir məsələyə milli və beynəlxalq reallıqları dərindən başa düşməklə və onları nəzərə almaqla yanaşmağı tələb edir. 


Mən bu fikirlərimi sizinlə bölüşərək, əmin olduğumu  bildirmək istəyirəm ki, biz birlikdə elə fəaliyyət göstərəcəyik ki, möhtərəm cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətinin qanunvericilik bazasını möhkəmləndirmək üçün Milli Məclis öhdəsinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirsin.   


Bizim payız sessiyamız Azərbaycan tarixinin ən şərəfli dövrləri ilə üst-üstə düşür. Dörd il bundan əvvəl, 2020-ci ilin payızında, eləcə də ötən ilin sentyabr ayında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Silahlı Qüvvələri düşmənə sarsıdıcı zərbələr endirmiş, torpaqlarımızın 30 illik işğalına son qoymuşdur. 


Üç gün öncə, sentyabrın 27-də dövlət başçısının iştirakı ilə keçirilən Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizin, qətlə yetirilmiş mülki vətəndaşlarımızın və itkin düşmüş soydaşlarımızın xatirəsi dərin ehtiramla yad edildi.

Azərbaycan düşmən üzərində tarixi qələbələri xalqımıza bəxş edən müzəffər sərkərdəmiz İlham Əliyevə, cəsur əsgər və zabitlərimizə əbədi olaraq minnətdardır.

Hörmətli həmkarlar, artıq bilirsiniz ki, Milli Məclisdə gözəl bir ənənə yaranıb. O da ondan ibarətdir ki, hər çağırışın birinci sessiyasının əvvəlində millət vəkillərinə deputat vəsiqələri təqdim edilir. Bu gün Mərkəzi Seçki Komissiyasının sədri hörmətli Məzahir Pənahov və hörmətli komissiya üzvləri buradadırlar. Siz, hörmətli həmkarlar, siyahı üzrə buraya dəvət edilib deputat vəsiqələrinizi təhvil alacaqsınız".

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il