Türkiyənin Milli Təhsil Nazirliyi yeni tədris ilində tarix dərsliklərində Mərkəzi Asiya regionunun "Türküstan" adlandırılması ilə bağlı qərar qəbul edib. Bu dəyişiklik "Türkiyə Əsri Təhsil Modeli" çərçivəsində aparılıb. Tarixçilər və təhsil mütəxəssisləri, bu addımın Türk dünyasının tarixi köklərinə sahib çıxmaq və rus istilasının təsirini azaltmaq məqsədi daşıdığını bildirir.
Crossmedia.az-a Türk dünyası məsələləri üzrə ekspert İlqar İlkin bildirib ki, əslində böyük türk coğrafiyasını əhatə edən bu bölgənin adının yenidən Türküstan adlandırılması bölgənin öz tarixinin yenidən canlanmasıdır:
“Orta Asiya anlayışı 100-150 il əvvəl rusların bu əraziləri işğalından sonra ortaya çıxıb. “Orta Asiya” deyəndə biz daha çox Özbəkistan, Qazaxstan, Qırğızstan, Türkmənistanı nəzərdə tuturuq. Halbuku, “Türküstan” adı bu dövlətlərlə yanaşı, Tacikstan, Sibirin cənubunda türk regionlarını, Əfqanstanın şimalı, İranın şimal-şərq hissəsi, hətta Çinin Sinstyan-uyğur milli rayonunu da əhatə edir. Əslində tarixən “Türküstan”adının dəyişdirilməsində də əsas bu hədəflənmişdi; Türklərin yaşadığı coğrafiyanı ərazi vahidi olaraq, bir neçə yerə parçalamaq, Türklərin yaşadığı bölgə anlamına gələn “Türküstan” anlayışını şüuraltından silmək. Ona gərə də, Türkiyənin yenidən bu bölgəni öz adı ilə adlandırması alqışlanmalıdır. Qazaxstanda Əhməd Yəsəvinin vətəni olan Türkistan şəhəri var. Vaxtilə bu şəhər Yesi olaraq da adlandırılıb. Türkistan adı isə böyük bir coğrafiyadan alınıb, kiçik bir şəhərə verilmişdi. Ola bilsin ki, gələcəkdə bu coğrafiya öz adı ilə Türküstan adlandırılandan sonra həmin şəhərin adına da yenidən baxıla bilər”.
İlqar İlkin qeyd edib ki, bu gün istər Türk Dövlətləri Təşkilatları səviyyəsində, istərsə də Türk Akademiyası vasitəsilə türk dünyası üçün vacib addımlar atılır: “Biz bu günlərdə 34 hərfdən ibarət ortaq türk əlifbasının qəbul olunduğunu gördük. Ortaq Türk tarixi ilə bağlı dərsliklər, kitablar artıq nəşr olunur. Hesab edirəm ki, Türkiyə Milli Təhsil Nazirliyinin qəbul etdiyi “Türküstan” sözü bütün Türk dövlətlərinin müvafiq qurumlarında silsilə şəklində qəbul olunmalıdır. Hesab edirəm ki, Azərbaycanda bu addımın atılması üçün yetərincə siyasi iradə də mövcuddur. Biz də Tarix və Coğrafiya kitablarında “Orta Asiya” anlayışını “Türküstan”la əvəzləyə bilərik. Bu Türk dövlətlərini və xalqlarını yaxınlaşdıran daha bir uğurlu həmlə olardı”.
Nihat Tahirov