Dilinizi seçin

Dilinizi seçin

Elm və təhsil

Türkiyə Maarif Vəqfi yaxın gələcəkdə Qarabağda da məktəb açmağı nəzərdə tutur.

Məktəbin açılması ölkəmizə təhsil sektorunda hansı töhvələri verəcək?

Bu gələcək dövr ərzində Qarabağda Azərbaycan-Türkiyə Universitetinin açılması üçün rüşeym rolunu oynaya bilərmi?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov crossmedia.az-a açıqlamasında qeyd edib ki, Türkiyə Maarif Vəqfinin yaxın gələcəkdə Qarabağda məktəb açmaq planı Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın dərinləşməsinə və Qarabağın təhsil sisteminin güclənməsinə mühüm töhfə verə bilər:

"Maarif Vəqfi artıq dünyanın bir çox ölkələrində məktəblər açaraq, yüksək keyfiyyətli təhsil standartlarını tətbiq etməklə tanınıb. Qarabağda belə bir məktəbin açılması, regionda yeni təhsil imkanları yaratmaqla yanaşı, həm də təhsil sisteminin beynəlxalq standartlara uyğun yenilənməsinə kömək edəcək. Bu addım Qarabağda təhsil infrastrukturunun sürətli bərpasına və yerli əhalinin keyfiyyətli təhsillə təmin olunmasına şərait yaradacaq. Azərbaycanın azad edilmiş ərazilərində müasir təhsil mərkəzlərinin yaradılması, yerli gənclərin intellektual inkişafına və peşəkar bacarıqlarının artırılmasına zəmin yarada bilər. Bununla da Qarabağda yaşayan gənclərin, xüsusən də münaqişə dövründə əziyyət çəkmiş uşaqların təhsil alaraq gələcəkdə bölgənin sosial-iqtisadi inkişafında fəal iştirak etmələri mümkün olacaq.

Türkiyə Maarif Vəqfinin məktəbinin açılması, Azərbaycan-Türkiyə əlaqələrinin təhsil müstəvisində yeni mərhələyə keçməsinə də işarədir. Qarabağda təhsil müəssisələrinin açılması ilə iki ölkə arasındakı tarixi və mədəni bağlar daha da möhkəmlənə bilər. Belə məktəblərdə türk dili, mədəniyyəti və dəyərlərinin təbliği, həmçinin azərbaycanlı və türkiyəli mütəxəssislərin birgə işləməsi gənclərdə iki qardaş xalqın yaxınlaşmasını təşviq edəcək".

Ekspert bildirib ki, bu məktəb eyni zamanda gələcəkdə Qarabağda Azərbaycan-Türkiyə Universitetinin yaradılmasının təməlini qoya bilər:

"Maarif Vəqfinin təhsildəki mövcud infrastrukturu və təcrübəsi, bu cür ali təhsil müəssisəsinin yaradılmasında əsaslı rüşeym rolunu oynaya bilər. Belə bir universitet, Azərbaycanın təhsil sistemində böyük irəliləyişlərə səbəb ola bilər və Qarabağda ali təhsilin beynəlxalq standartlara uyğun inkişafına şərait yaradacaq. Azərbaycan və Türkiyənin ortaq universiteti, elmi tədqiqatlar, innovativ layihələr və qarşılıqlı təhsil mübadiləsi sahəsində əhəmiyyətli addımlar atılmasına imkan verər".

Kamran Əsədov onu da əlavə edib ki, belə bir təhsil müəssisəsi Qarabağ regionunun sosial və mədəni dirçəlişinə də töhfə verəcək:

"Münaqişədən çıxmış bir bölgədə akademik mərkəzin qurulması, yerli gəncləri regionun inkişafında fəal rol oynamağa təşviq edəcək. Universitet, həmçinin beynəlxalq tələbə axını və müəllim mübadiləsi üçün bir mərkəz ola bilər ki, bu da Qarabağda daha geniş perspektivlərin açılmasına xidmət edər. Beləliklə, Qarabağda Maarif Vəqfinin məktəbinin açılması həm lokal, həm də beynəlxalq miqyasda çoxşaxəli inkişaf potensialına malik bir addımdır". 

Aytac Kərimova

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il