İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə bərpa və inkişaf layihələrinə start verib. Bu layihələr arasında ən vacib sahələrdən biri təhsil sektorudur. Azərbaycan hökuməti bu regionlara qayıdış planının bir hissəsi olaraq yeni məktəblərin inşasına və təhsil sisteminin qurulmasına böyük diqqət yetirir. Məqsəd, bu ərazilərdəki yenidənqurma ilə yanaşı, gələcək nəsillər üçün keyfiyyətli təhsil imkanlarının yaradılmasıdır.
Mövzu üzrə Crossmedia.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlu deyib ki, Qarabağa qayıdış proqramında bir çox məsələlər eləcə də, təhsilə qayıdış öz əksini tapıb:
"Qarabağ Universitetinin, Şuşa bir nömrəli məktəbinin açılması ilkin və böyük addımlar idi. Növbəti mərhələlərdə isə digər ərazilərdə əhalinin köçürülməsi və köçürüldükcə də yeni məktəbin açılması əsas hədəfdədir. Təbii ki, bu, tamamilə müsbətdir çünki artıq təhsil canlanır. Qarabağa köçürülən əhalimizin təhsil baxımından inkişafı bir az fərqli olacaq. Onlar daha yaxşı anlayacaqlar ki, bir vaxtlar onların ata-babaları həmin ərazilərdən köçkün düşüb və indi onlar həmin ərazilərdə təhsil alırlar. Öz evlərinə, öz məktəblərinə qayıdıblar. Onun sözlərinə görə: “Oradakı məktəblər müasir standartlara cavab verən yeni məktəblər olacaq. Müasir infrastruktur baxımından ən yeni avadanlıqlarla quraşdırılacaq. Həmçinin xarici şirkətlər, xarici dövlətlər də məktəblərin açılmasına maraqlıdırlar. Məktəblərin bəziləri Heydər Əliyev Fondunun hesabına, bir qismi dövlət hesabına, bir qismi də xarici şirkətlərin, dövlətlərin hesabına tikilir. Bu da Azərbaycanla həmin tikintidə iştirak edən dövlət arasında bir növ qardaşlığın, təhsil təəssübkeşliyinin istiqamətidir. Əhalinin qayıdışı ilə yanaşı, təhsilə qayıdış da olduqca önəmlidir. Çünki əhalinin təhsili, savadlılıq səviyyəsi yüksək olduqda xalqların biliyi, elmi də yüksək olur. Xalqların da əsas dünyagörüşü onun elmi və biliyi ilə ölçülür".
Fatimə Məhərrəmli