Uzun müddət Azərbaycan ali təhsil müəssisələrinin yeganə vəzifəsi kadr hazırlamaq olub. Bunu “Tərəfdaşlıqdan tərəqqiyə” devizi ilə keçirilən Təhsilin İnkişafı Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, uzun illər Azərbaycanın ali təhsil müəssisələrində elmi-tədqiqat istiqaməti üzrə işlər aparılmayıb: “Bilik-bacarıq, daha çox məsələyə yanaşma vacibdir. Təhsilin, elmin sənayeləşməsi uzun müddət tələb edir”.
Emin Əmrullayev müasir dövrdə elm kommersiyalaşdırılmasının vacibliyinə də toxunub:
“İnanıram ki, xaricdə təhsil üzrə həyata keçirilən layihələr uğurlu nəticələr verəcək. Ali təhsil müəssisələrimizin qarşısında yeni çağırışlar durur. Tələbələr təhsil aldığı dövrdə işaxtaran deyil, iş yeri yaradan şəxslər olmalıdırlar”.
Mövzu ilə bağlı “Crossmedia.az” saytına açıqlama verən Təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırkı dövrdə də biz sovet ali təhsil sistemindəyik:
“Təbii ki, bu bizi müəyyən məsələlərdə geri salıb. Amma son dövrlər təhsil sistemində aparılan islahatlar onu deməyə əsas verir ki, biz tədricən Qərb modelli təhsil sistemini tətbiq edə və nəticədə ali təhsil müəssisələrinin özlərini maliyələşdirməsi, bəzi təşkilatlarla birbaşa əlaqələrinin qurulması, tələbələrinin təcrübə keçməsi üçün iş imkanlarının artırılması kimi amillərin şahidi olacağıq. Hesab edirəm ki, biz nazirin də qeyd etdiyi kimi hansısa vəzifəyə kadr hazırlamağı düşünmək yerinə bilik və bacarıqları çox olan, potensial iş imkanı yarada biləcək ixtisaslı kadrlar hazırlamalıyıq”.
Ekspert əlavə edib ki, dünyanın bəzi universitetləri var ki, onlar məhsul istehsal edə bilir və bunu rahatlıqla sata bilir:
“Vurğulayım ki, onlar buradan gələn gəlirin bir hissəsini universitetin inkişafına yatırırlar. Hesab edirəm ki, bu formatı biz tətbiq edə biləriksə, universitetlərin həm rəqabət mühiti formalaşar, həm də təhsil mühiti daha da inkişaf edər. Nəticədə isə qazanan Azərbaycan cəmiyyəti, o cümlədən Azərbaycan gəncliyi olar”.
Yusif Sultanoğlu