Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 101,5 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,4 %, qeyri-qida məhsulları üzrə 101,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,3 % təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu ilin sentyabr ayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 103,5 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 102,9 %, qeyri-qida məhsulları üzrə 101,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,7 % olub.
Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 % təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 % təşkil edib.
Sentyabrda ayrı-ayrı qida məhsullarından daha çox artım uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, kərə yağının, yumurtanın, şaftalının, qozun, şabalıdın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, yerkökünün, sarımsağın, soğanın, kartofun, azalma isə qarabaşaq yarmasının, limonun, almanın, armudun, üzümün, ağ kələmin, xiyarın, balqabağın, süfrə çuğundurunun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 % olub. Qeyri-qida mallarından daha çox artım inşaat materiallarının və zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Sentyabrda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 101,1 % təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən mənzillərin kirayə haqlarının, ölkədaxili dəmiryol nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin, ali, orta ixtisas və ödənişli məktəbəqədər təhsil müəssisələrində təhsil haqlarının, azalma isə istirahət turlarının, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.