Dilinizi seçin

Dilinizi seçin

Rəsmi xronika

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 5-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə işçi naharı olub.

"Report"un Romaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Romanın “Quirinale” Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Prezidenti Sercio Mattarella dövlətimizin başçısını qarşıladı.

Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim edildi.

Sonra birgə foto çəkdirildi.

Sercio Mattarella dövlətimizin başçısına prezident seçkilərində qələbəsi münasibətilə bir daha təbriklərini çatdırdı.

O, Azərbaycanla İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkəmizin İtaliyanın yaxın tərəfdaşı olduğunu deyərək 2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin önəmini vurğuladı.

Sercio Mattarella özünün Azərbaycana səfərini məmnunluqla xatırladı.

Son dörd ildə İtaliyaya üç dəfə səfər etdiyini deyən dövlətimizin başçısı münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını, İtaliya-Azərbaycan əlaqələrinin özündə çoxşaxəli əməkdaşlığı ehtiva etdiyini vurğuladı, İtaliyanın Avropada Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu qeyd etdi. Bu xüsusda, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın vacibliyi, o cümlədən TAP layihəsinin əhəmiyyəti vurğulandı. Bu gün TAP layihəsinin həm İtaliyanın, həm də Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı mühüm rola toxunularaq, hazırda bu layihənin Avropanın 10 ölkəsinin enerji təchizatındakı vacib rolu qeyd olundu.

Söhbət zamanı humanitar və mədəni əlaqələrin önəminə toxunuldu, ADA Universiteti ilə İtaliyanın beş universiteti arasında birgə layihə çərçivəsində yaradılan İtaliya-Azərbaycan Universitetinin fəaliyyəti qeyd edildi. Burada təhsil alan tələbələrin gələcəkdə ölkələrimiz arasında dostluğun elçiləri olacaqlarına və münasibətlərimizin inkişafına töhfə verəcəklərinə əminlik bildirildi.

İtaliya-Azərbaycan Universitetinin yaradılmasının böyük əhəmiyyət daşıdığını deyən Sercio Mattarella bunun ölkələrimiz arasında humanitar və insanlararası əlaqələrin inkişafında mühüm rol oynadığını vurğuladı.

İtaliya Prezidenti COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, bunun çox əhəmiyyətli tədbir olduğunu dedi və ölkəsinin COP29-da yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını bildirdi. İtaliyanın COP29-un Azərbaycanda uğurla keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu qeyd edən Sercio Mattarella COP29-la əlaqədar İtaliyanın iqlim dəyişikliyi üzrə nümayəndəsinin Azərbaycanla yaxından əməkdaşlıq etdiyini vurğuladı.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il