Əvvəllər Türk Dövlətlərinin Əməkdaşlıq Şurası kimi tanınan, Türk Dövlətləri Təşkilatının ( TDT) yaranmasından artıq 15 il ötüb. Təşkilatın gələcək perspektivi ilə bağlı müxtəlif fikirlər səslənir. Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, TDT-nin dövlət və hökumət başçılarının verdiyi açıqlamalar təşkilatı çox ciddi və parlaq gələcək gözlədiyinə əsas verir:
"TDT ildən - ilə inkişaf edir. Bunun əsas səbəbi üzv dövlətlər arasındakı inteqrasiyanın inkişafı ilə bağlıdır və bu da təşkilata müsbət təsir göstərir. TDT-nın güclənməsi yeni geosiyasi reallıqdır. Bu gün dünyada çox ciddi siyasi böhranlar baş verir, dünya xəritəsi yenidən cızılır. Beynəlxalq siyasi sistem dəyişir, belə olan halda dövlətlər öz təhlükəsizliklərini təmin etməlidir. Bunu ən güclü dövlət belə tək başına edə bilməz. Ona görə də dövlətlər üçün bir əməkdaşlıq mühitinə ehtiyac var və türk dövlətləri bunun artıq həll yolunu tapıb. Güman etmək olar ki, növbəti illər ərzində TDT daha da inkişaf edəcək və güclənəcək. İstisna deyil ki, bu inkişaf TDT-ni NATO səviyyəsində inkişafa aparacaq”.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə Naxçıvanda imzalanan müqavilə ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında qurulub. 2019-cu ildən isə Özbəkistan təşkila üzv olub. Təşkilatın məqsədi üzv ölkələr arasında mədəni, iqtisadi və digər sahələrdə əlaqələrin gücləndirilməsidir. Təşkilatın qərargahı İstanbulda yerləşir.
Sevinc Bağırlı