Bugünkü cəmiyyətin inkişafında gənclərin rolu danılmazdır. Onların sosial fəaliyyətlərdə fəal iştirakı həm şəxsi inkişaflarına, həm də ölkənin sosial rifahına böyük töhfə verir. Ölkəmizdə gənclərin sosial fəaliyyətlərinin artması üçün istər dövlət, istərsə də qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Bəs bu tədbirlər gənclərin sosial fəaliyyəti üçün yetərlidir?
Mövzu ilə bağlı Crossmedia.az-a danışan sosioloq Elçin Bayramlı bildirir ki, gənclərin sosial fəaliyyətlərinin olmaması onların neqativ təsirlərə düşməsinə səbəb olur.
"Təəssüf ki, Azərbaycanda gənclərin sosial həyatda iştirakı üçün imkanlar kifayət qədər deyil. Gənclərin sosial lahiyələrdə iştirakı çox az səviyyədədir. Məhz bu səbəbdən bizim gənclərin neqativ təsirlərə düşməsi, o cümlədən narkomaniya, kriminal qruplaşmalar, radikal dini təriqətlər və s. kimi zərərli vərdişlərə yiyələnməsi baş verir".
Sosioloq gənclərin sosial fəaliyyətinin artırılması üçün bir sıra təklif irəli sürüb:
"Gənclərin sosial fəaliyyətlərinin artırılmasının dövlət səviyyəsində təşkili lazımdır. Burada cəmiyyət və valideynlərin təsir imkanları çox azdır. Bu iş ölkəmizdə əsasən qeyri-hökümət təşkilatlarının üzərinə düşür. Qeyri-hökümət təşkilatları praktik lahiyələrə yönəlməlidirlər. Təşkilatlar, fondlar müxtəlif görüşlər, praktiki tədbirlər, yaşıllıqların salınması ilə bağlı kompaniyalar həyata keçirə bilər. Hətta gəncləri ödənişli işlərə də cəlb edə bilərlər. Bundan başqa gənclər sosial qayğıya ehtiyacı olan qruplarla işlərə, narkomaniya əleyhinə tədbirlərə cəlb edilə bilərlər. Gənclərin fəaliyyəti mükafatlandırılar, hətta müəyyən məbləğdə vəsait də verilərsə, bu, onlar üçün motivasiya ola bilər".
Sonda sosioloq qeyd edib ki, sağlam gələcək yetişdirmək istəyiriksə, gənclərin sosial fəaliyyətlərini artırmaq üçün böyük dövlət proqramı hazırlanıb, həyata keçirilməlidir.
Saida Ramazanovi