Dilinizi seçin

Dilinizi seçin

Humanitar

Günümüzdə sosial media istifadəçilərinin sayı hər gün artır. Sosial media həyatın müxtəlif sahələrinə təsir göstərir. İqtisadiyyat,siyasət,təhsil,sosial münasibətlər, psixologiya, mədəniyyət, informasiya, xəbər yayımı kimi sahələrə təsiri danılmazdır. Sosial media böyükdən kiçiyə hər kəsin həyat tərzinə çevrilməyə başlayıb. Bu vəziyyətdə bir sual ortaya çıxır. Sosial media insanların həyat tərzinə və davranışlarına necə təsir edir? Mövzu ilə bağlı media eksperti Səbinə İzzətli Crossmedia.az-a açıqlama verib.
O bildirib ki, sosial media sadəcə informasiya mənbəyi deyil. O həm də həyatımızı yönləndirir, müxtəlif təbəqələrdən olan insanlarla kommunikasiya formamıza və onlarla münasibət qurmağımıza təsir edir. Bu mənada sosial mediada olmaq daha çox məlumatlı olmaq deməkdir. Məlumatlı insanın qəbul etdiyi qərar ilə məlumatsız insanın qəbul etdiyi qərar arasında əlbəttə ki, fərq var: “Sosial medianın təsirinin saysız-hesabsız nəticələrindən söz açmaq olar. Məsələn, real həyatda bir-birini tanımayan, amma bir-birinə hisslər bəsləyən və ya dost olan insanlar var. Belə insanlara bir-birinin zahiri görünüşü maraqlı deyil. Maraqlı olan hər ikisinin bölüşdüyümövzularda söhbət etmək, başa düşülməkdir. Sosial media gerçək həyatda utancaq, istədiyini dilə gətirə bilməyən insanların özlərini ifadə edə bilmələri üçün ağlagəlməz fürsət yaradır. Bəzən “Sosial media fenomeni” adlanan ayrı-ayrı fərdlər də belə ortaya çıxır. Bəlkə də, həmin şəxslər
real, fiziki dünyada heç vaxt məşhur ola bilməzdilər.”
Səbinə İzzətli sosial medianın mənfi yönlərindən də danışıb : “Sosial medianın gətirdiyi məşhurluq və ya fərdi doyumluluq hissi ilə yanaşı, onun beynimizə müsbət olmayan təsirləri də olmamış deyil. Yəni virtual olarkən beyinlərimizə nə olur? Psixoterapevt Dr. Kamal Sayar
hesab edir ki, daha çox texnologiyadan istifadə edən insanların kitab oxumağa səbri çatmır, diqqətini cəmləşdirə bilmir, eyni anda birdən çox məsələ barədə düşünür. Sosial media da bu texnologiyalar sayəsində var olan platformalardan ibarətdir. Dostumuzla oturub söhbət edərkən Facebook, Instagram və.s. hesablardan gələn mesajların səsi eşidiləndə nə etdiyimizi xatırlamaq buna misaldır. Bizdən asılı olmadan gələn zəngi və ya mesajı qarşımızdakı insandan daha üstün sayırıq və həmsöbətimizin danışdığı məsələnin önəmi ikinci plana keçir. Bu, etik hesab edilməsə də, bizim hər gün şahidi olduğumuz hadisədir. Əksəriyyətimiz gecələr ağıllı telefonumuzdakı sosial media hesablarımızdan çıxıb yatmırıq. Yəni fiziki olaraq biz yatsaq da, virtual dünyada mövcudluğumuz davam edir. Digər məsələ isə həddindən çox informasiya alsaq da, “informasiya cəhaləti”ndə yaşamağımızdır. Yəni hər şey eşidirik, oxuyuruq, lakin onu yadda saxlaya bilmirik. Qısa-qısa, amma həddindən çox bilgi almaq, başqa sözlə, gözdən keçirmək beynimizi yorur.”
Bahar Musayeva

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il