Dilinizi seçin

Dilinizi seçin

İqtisadi

Son illərdə onlayn alış-verişin sürətlə yayılması və insanların rahatlıqla istədikləri məhsulları evdən sifariş etmə imkanları ticarət sahəsində yeni bir dövrün başladığını göstərir. Pandemiya ilə daha da sürətlənən bu proses, istehlakçıların adət etdikləri ənənəvi mağazalardan uzaqlaşmalarına səbəb olub. Araşdırmalar göstərir ki, istehlakçılar ən çox geyim, texnologiya və gündəlik ehtiyac məhsullarını onlayn platformalar vasitəsilə sifariş edirlər. Onlayn alış-veriş edənlərin 60%-dən çoxu məhsul qiymətlərini daha asan müqayisə edə bildiklərini və daha sərfəli təkliflər tapdıqlarını bildirir.


Satış üzrə mütəxəssis Elvin Qarayev mövzu ilə bağlı Crossmedia.az-a danışıb. O bildirib ki, onlayn alış-verişin gələcəkdə ənənəvi mağazaları əvəz etməsi tamamilə mümkündür:

"Bu fikrimə sübut olaraq pandemiya dönəmində özümün də müşahidə etdiyim nüanslar haqqında danışmaq istəyirəm. Ənənəvi biznes sahiblərinin və mağazaların necə sürətlə zəiflədiyini, sosial media satışlarının, satış saytlarının necə sürətlə satışlarını artırdıqlarını bir marketoloq və ya sadə biznesmen asanlıqla müşahidə edə bilər".


Mütəxəssis qonşu ölkələrdən olan məşhur onlayn mağazaların ölkəmizdə populyarlıq qazanmasının da ənənəvi mağazaların satışlarına ciddi təsir göstərdiyini deyib:

"Ümumilikdə onlayn satış ənənəvi mağazaları 3 faktorla üstələyir: zaman sərfi, maddiyyat, statistika. Onlayn satış etmək həm müştəri, həm sahibkar üçün zaman baxımından çox səmərəlidir. Müştəri yolda, sahibkar da mağazada vaxt itirmir. 
İkinci nüans maddi baxımdan sərf etməsidir. Onlayn satış saytlarında bir çox məhsulların qiymətinin aşağı olması onun hər hansısa digər sahibkara yer baxımından pul ödəməməsi və ya hazırlanmasının daha səmərəli olmasından irəli gələ bilər. Bu da təbii ki, müştərini daha çox cəlb edər.
Statistika dedikdə isə onlayn proqramlar, veb saytlar kimin bu saytda müəyyən müddətdə nə qədər vaxt itirdiyini, nə qədər satış olduğunu, gəlirin hansı istiqamətdə getdiyini və s. sadalanacaq statistikaları tam dəqiqliklə bizə göstərir. Bu da sahibkar üçün çox önəmlidir".

Onlayn ticarətin gələcəkdə daha da genişlənməsi gözlənilir. Ənənəvi mağazalar isə bu tendensiyaya uyğunlaşmaq üçün rəqəmsal həll yolları təqdim etməyə çalışırlar.


Saida Ramazanovi

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il