11 oktyabr "Beynəlxalq Qızlar Günü" kimi qeyd olunur. Bu günün keçirilməsində əsas məqsəd uşaq nigahlarına diqqətin artırılmasıdır. Bu problem bütün cəmiyyəti narahat edən məsələrdən biridir. Azərbaycanda da erkən nigah hadisələrinə tez-tez rast gəlinir. Məsələ ilə bağlı CrossMedia-ya açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, erkən nigah mövzusu mübahisəli məsələ olaraq qalır:
“Yaş senzi dünyanın müxtəlif ölkələrində fərqli qəbul olunub. Bəzi ölkələrdə 17 , hətta 15 yaşdan sonra ailə qurmağa rəsmi olaraq icazə verilir. Ölkəmizdə isə yaş həddi 18 müəyyən olunub”.
Sosioloq zorakı evlilik məsələsinə də toxunub:
“İnsan hüquqlarını da nəzərə alsaq, həddi-büluğa çatmamış qızlar ailələrinin istəyi ilə məcbur evləndirilərsə, dövlətin müdaxiləsi qaçınılmaz olur”.
E. Bayramlı ,həmçinin istisna hallardan da danışıb:
“ Əvvəllər 17 yaşında bəzi şəxslərə müəyyən şərtlər əsasında evlilik hüququ verilirdi, artıq o da ləğv olunub. Yaş həddi standart formada müəyyənləşdirilməli, narazılıqların aradan qaldırılması üçün tədbirlər görülməlidir. Ümumiyyətlə, insan 16 yaşdan etibarən şəxsiyyət sayılır və onun fikirləri cəmiyyət üçün əhəmiyyət kəsb etməlidir. Qanunlar müəyyənləşdirilərkən bioloji xüsusiyyətləri də gözdən keçirmək vacibdir. Düşünürəm ki, yaş həddi qadağasının hansı normalara əsaslandığını da açıq şəkildə izah etmək daha faydalı olacaqdır”.
Gülay Məmmədova