Dilinizi seçin

Dilinizi seçin

İqtisadi

Azərbaycanda ərzaq qiymətləri, demək olar ki, həftədən- həftəyə dəyişir. Ölkə üzrə iqtisadçı-ekspertlər xüsusilə yağ, taxıl, çörək, ət, süd məhsulları və şəkər kimi əsas qida məhsullarında artım müşahidə olunduğunu vurğulayır, qiymət artımına isə ilk olaraq idxaldan asılılığın səbəb olduğunu bildirirlər. 
 “Ərzaq məhsullarında 74-75 faiz idxaldan asılı ölkəyik. Ümumiyyətlə, bu sektorda dünyada özünü tam təmin edən ölkə də yoxdur. Yəni nə qədər bu sahədə işlər görülsə, yenə də asılılığı tam azaltmaq mümkün deyil”.
Bunu iqtisadçı- ekspert Natiq Cəfərli dedi. Qeyd etdi ki, yerli istehsalın inkişafı üçün müəyyən addımlar atılır.
- Natiq müəllim, idxaldan asılılığı azaltmaq üçün illərdir müzakirələr aparılır və müəyyən tədbirlər görülür. Bəs istənilən nəticəni əldə etmək niyə mümkün olmur?
- Məhsuldarlıq ən azı 2-3 dəfə artırılmalıdır ki, onun hesabına həm yerli bazar təmin edilsin, həm də ixracat həyata keçirilsin. 
Hesab edirəm ki, kənd təsərrüfatı sektorunun gücləndirilməsi idxalın azalmasına töhfə verə bilər. Bunun üçün dövlət subsidiyaları artırmalıdır. Aqrar sahədə yeni texnologiyaların tətbiqi və modernizasiyası, yerli istehsalçıların dəstəklənməsi kimi addımlar atılmalıdır. 
- Qiymət artımı ilə mübarizədə başqa hansı effektiv üsul rol oynaya bilər?
- Dövlət orqanları qiymət artımlarını izləyərək, inflyasiya ilə mübarizə aparmaq üçün konkret siyasət hazırlamalıdır. Bu, ərzaq məhsullarının qiymətində spekulyasiya və bazarda süni qiymət artımlarına qarşı mübarizəni əhatə edə bilər.
“Ümumiyyətlə, kənd təsərrüfatında bir sıra fundamental problemlər var. İşçi qüvvəsi isə daha çox Bakı və Bakı ətrafı rayonlara axışdığı üçün regionlarda işçi qüvvəsi minimum həddə enib. Bölgələrdə əhali arasında  yalnız dövlət sektorunda işləyənlər və yaşlı nəsil üstünlük təşkil edir.  Kənd təsərrüfatı isə fiziki əmək tələb edən sahədir. Bundan başqa, Azərbaycanda intensiv təsərrüfatçılıq, təəssüf ki, çox zəif yayılıb.
 Hollandiya, İsrail təcrübəsi onu göstərir ki, hətta ən əlverişsiz şəraitdə belə intensiv təsərrüfatçılıqla, müasir elmi texnologiyaların imkanlarını tətbiq etməklə məhsuldarlığı dəfələrlə yüksəltmək olar. Bu da kənd təsərrüfatında mənfəət normasının yüksəlməsi, investisiya imkanlarının genişlənməsinə təkan verir”. 
Bunu iqtisadçı-ekspert Rəşad Həsənov bildirdi. Dedi ki, son dövrlərdə resursların qeyri-səmərəli bölüşdürülməsi ciddi xarakter alıb. Sudan səmərəli istifadə və ədalətli bölüşdürülməsi mexanizmlərinin olmaması, suyun daha çox iri təsərrüfatlara verilməsi ailə-kəndli təsərrüfatlarının bu sahədə imkanlarını məhdudlaşdırır, məhsul istehsalını zəiflədir. Halbuki Azərbaycanda istehsal olunan məhsulların 90 faizi məhz ailə təsərrüfatlarının payına düşür. Bu sahədə zəifləmə ümumi göstəricilərin aşağı düşməsinə gətirib çıxarır. Cari ildə də kənd təsərrüfatında, xüsusilə də əkinçilik sahəsində vəziyyət ürəkaçan deyil. Ümumi məhsul istehsalında azalma müşahidə olunur. 
R.Həsənov qeyd etdi ki, inkişaf etmiş dünya təcrübəsində kənd təsərrüfatında risklərin əhəmiyyətli hissəsini  əhatə etməklə gəlirin, mənfəətin, ixracatın sığorta olunması ilə sahibkarı bu kimi qayğılardan azad edir. İstehsalçının diqqətinin daha çox təsərrüfatçılıq işlərinə yönəlməsinə dəstək verməklə bu sahədə inkişafı təmin edir. Azərbaycanda isə bir neçə təbiət hadisəsinin sığortalanması mexanizmi vardır. Bu da çox az bir sahəni əhatə edir. Başqa məsələ  aqrar sahədə korporasiyanın inkişaf etməməsidir. Almaniya təcrübəsində ərzaq məhsullarının 90 faizini kooperasiyalar istehsal edir. Kooperasiyalar resursların birləşdirilməsi, eyni zamanda istehsalçının dəyər zəncirinin bütün halqalarında  təmsil olunması, o cümlədən logistika, nəqliyyat pərakəndə satışın təşkili və s. sahələrdə prosesin daha çox mənfəətliliyini, səmərəliliyini təmin edir.  
Bundan əlavə, idxaldan asılılığı azaltmaq və ixracatda mühüm addımlar atmaq üçün regionlarda kənd təsərrüfatı və sənaye məhsullarını istehsal edən müasir müəssisələr qurulmalıdır. Bu, həm idxalı artırar, həm də yeni iş yerləri yaradaraq yerli əhalinin məşğulluğunu təmin edər.
Başlanğıc olaraq mövcud xammal resurslarını araşdırmaq və bu resursları dəyərə çevirmək üçün yerli istehsal sahələrini inkişaf etdirməliyik. Məsələn, aqrar-sənaye kompleksləri yaratmaq, kənd təsərrüfatı məhsullarının emalını artırmaq və istehsal zəncirini gücləndirmək həm də yeni iş yerləri yarada bilər.
Eyni zamanda rayonlarda fəaliyyət göstərən və iş yerləri yaradan müəssisələr üçün vergi güzəştləri tətbiq edilməlidir. Bu, yerli və xarici investorları sərmayə qoymağa stimullaşdırar. 

Əsli TELMANQIZI

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il