Son günlər Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyana qarşı beynəlxalq səviyyədə aparılan bəraət kampaniyasında Azərbaycanın hədəf alınması ilə bağlı məlumatlar yayılıb. Kampaniyanın məqsədinin Vardanyanın siyasi imicini bərpa etmək və regionda mövcud qüvvələrin balansını dəyişmək olduğu iddia edilir. Bu çərçivədə Azərbaycan da xüsusi olaraq hədəfə alınmış ölkələrdən biri kimi göstərilir.
Mövzu ilə bağlı siyasi ekspert Əli Zülfüqaroğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, Vardanyanın azad edilməsi ilə bağlı aparılan kampaniyanın bu ərəfədə başladılması və daha da intensivləşdirilməsi müəyyən məqsədə xidmət edir. Onlar çalışırlar ki, Cop29 tədbirləri öncəsi Azərbaycana təzyiq edərək müəyyən nəticələr əldə etsinlər. Amma, əlbəttə, bu, heç bir nəticəyə səbəb olmayacaq. Çünki Azərbaycanın qanunlarını pozan və separatçılarını silahla təmin edilməsində və digər cinayət törədilməsində ittiham olunan Vardanyan konkret cinayət əməllərinə görə həbs olunub. Bu cür təzyiqlərlə Azərbaycana nəyisə məcbur etmək mümkün deyil.
Ekspert əlavə edib ki: “ Eyni zamanda onu da bilməliyik ki, Vardanyanın azad olunması ilə bağlı aparılan kampaniyanın arxasında erməni lobbisi dayanır və çalışır ki, Vardanyanın maliyyə imkanlarından istifadə etsin. Eyni zamanda bir sıra Avropa seçkili orqanları, Avropa Parlamenti və onların üzvləri Vardanyanın maliyyəsindən yeni aldıqları rüşvət hesabına bu kampaniyanı aparır. Əlbəttə, bütün bunlar bəlli məsələdir və müxtəlif zamanlarda Azərbaycan bu tipli addımlarla qarşılaşıb. Yenə də konkret olaraq deyə bilərik ki, bu təzyiqlərin Azərbaycan siyasi iradəsinə heç bir təsiri olmayacaq”.
Maral Şahverdili