2020- ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan 3 tərəfli bəyənatda göstərilən əsas məsələlərdən biri Zəngəzur dəhlizinin açılması idi. Lakin bu məsələ hələ də həll yolunu tapmayıb. Rusiya dəhlizin açılmasında maraqlı olsa da görünən odur ki, rəsmi İrəvan bundan qaçmaq istəyir.
İran bir müddət əvvəl Zəngəzur dəhlizini özünün "qırmızı xətti" olaraq gördüyünü bildirdi. Qərb də İran kimi dəhlizin açılmasında maraqlı deyil.
Dəhliz ətrafında intriqalar davam edir və mövqelər arasındakı ziddiyyətlər göstərir ki, regional kommunikasiyanın açılması perspektivi getdikcə çətinləşir.
Mövzu ilə bağlı "Crossmedia.az"a açıqlama verən siyasi analitik Kənan Novruzov Ermənistanın Rusiyanın danışıqlar masasından qaçmağını Qərbin Paşinyana verdiyi "ev tapşırığı" adlandırıb:
"Rusiya hazırda sülh sazişində maraqlıdır. Bunu Rusiyanın milli və təhlükəsizlik maraqları təmin edir. Çünki sülh sazişinin Rusiyanın vasitəçiliyi ilə imzalanması birincisi Rusiyanın bölgədəki təsir gücünü qoruyur, ikincisi Qərbin bölgəyə təsir imkanlarının qarşısını alır, üçüncüsü bölgədə sabitlik olur və bölgədə Rusiyaya qarşı Ermənistanın vasitəçiliyi ilə ikinci cəbhənin açılması ehtimalı olmur. Ona görə də Rusiya sabitlikdə hələ ki, maraqlıdır.
Qərb Rusiyaya qarşı oyunlar qurur, regiona soxulmaq istəyir. Ona görə də Putinin iştirakı ilə danışıqlara mane olur"
Ekspert Zəngəzur dəhlizinin mütləq açılacağını bildirib:
"Ermənistan üçün bu, çətin qərardır. Rəsmi İrəvanın yaxşı münasibətdə olduğu İran hələ ki, bu məsələdə tərəddüd edir. Perspektivdə Rusiya İranı razı sala bilər. O bunu edəcək. Ermənistan kommunikasiyaların açılmasına razı olacaq. Bunu bir neçə gün əvvəl baş nazir Nikol Paşinyan da dedi və buna oxşar bir bəyanat verdi.
Biz bir çox hallar da Ermənistanın əməli ilə sözünün üst- üstə düşdüyünü görmürük. Amma Ermənistan çətin vəziyyətdədir. O, dalana dirənib. Ermənistana bir nəfəslik lazımdır"
K.Novruzov Zəngəzur dəhlizinin diplomatik yolla açılmasa hərbi yolla açılacağını qeyd edib:
"Azərbaycan bir çox hallarda olduğu kimi yenə öz işini özü görəcək. Kommunikasiyaların açılması Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020- ci il 9- 10 noyabr 3 tərəfli bəyənatında öz əksini tapıb. Azərbaycan hərbi yolla o dəhlizi aça bilər. Xüsusilə nəzərə almaq lazımdır ki, Ermənistan zaman- zaman Azərbaycan mövqeylərini müxtəlif istiqamətlərdə atəşə tutub. Azərbaycanı hərbi aventuraya çəkib.
Diplomatik yolla dəhlizin açılması Azərbaycanın prioritetidir və Azərbaycan bunun üçün bütün imkanlarından istifadə edəcək".
Banuçiçək Kalbalıyeva